200 milyard dollarlıq tarixi saziş: Venesuela ABŞ ilə 25 illik neft paketi barədə danışdı

22:17 - 30.08.2026


30 avqust, Fineko/abc.az. Venesuelanın keçid dövrü üzrə prezidenti Delsi Rodriges ABŞ ilə imzalanan enerji sazişinin 25 il müddətində qüvvədə qalacağını və gündəlik neft hasilatını 1,5 milyon bareldən çox artırmağı hədəflədiyini bəyan edib.

Dövlət televiziyasında (VTV) çıxış edən Rodriges bu tarixi sazişin 17 strateji neft yatağını və Orinoko neft qurşağında 8 yeni sahənin işlənilməsini əhatə etdiyini bildirib. O vurğulayıb ki, ABŞ-ın investisiya, texnologiya və əməliyyat dəstəyi ilə həyata keçiriləcək layihə çərçivəsində Venesuela öz təbii sərvətləri üzərində tam mülkiyyət hüququnu və suverenliyini saxlayır.

Rodrigesin sözlərinə görə, 1 barel neft üçün $65 hesabı ilə bu müqavilə ölkə büdcəsinə 209 milyard dollardan çox gəlir gətirəcək və satılan hər bareldən təxminən $19 birbaşa Venesuela dövlətinə çatacaq.