09:00 - 5.08.2026
5 avqust, Fineko/abc.az. "Goldman Sachs" analitikləri Türkiyədə açıqlanan iyul ayı inflyasiya göstəricilərindən sonra dərc etdikləri hesabatda faiz dərəcələrinin daha uzun müddət yüksək səviyyədə saxlanılmasının vacibliyini bildiriblər.
ABŞ investisiya bankının iqtisadçıları Klemens Qraf və Başak Edizgil vurğulayıblar ki, Türkiyədə "eşel mobil" sisteminin oktyabr ayınadək tam ləğv ediləcəyi gözləntisi və Yaxın Şərqdəki münaqişələr fonunda dəyişən qlobal enerji qiymətləri Mərkəzi Bankın ehtiyatlı mövqeyini gücləndirir. Türkiyədə illik inflyasiya iyulda 31,8%-ə (iyun ayında 32,1%) geriləsə də, Mərkəzi Bankın 26%-lik il sonu hədəfindən yüksək olaraq qalır.
"Goldman Sachs" iqtisadçıları ilsonu inflyasiya proqnozlarının (29%) yuxarı tərəfə dəyişmə riskinin olduğunu və Türk lirəsinin sürətli dəyərsizləşməsi ehtimalının sərt pul-kredit siyasətinin davam etdirilməsini şərtləndirdiyini qeyd ediblər. Bununla belə, bazis inflyasiya dinamikasında yaxşılaşmanın davam etdiyi diqqətə çatdırılıb.