“Walmart” tarixində ilk dəfə nüvə enerjisi tədarükü müqaviləsi imzalayıb

22:05 - 23.06.2026


23 iyun, Fineko/abc.az. ABŞ-ın pərakəndə satış nəhəngi "Walmart" iqtisadi fəaliyyətində ilk dəfə olaraq yaşıl və emissiyasız nüvə enerjisi satın almaq üçün uzunmüddətli müqavilə imzalayıb.

ABC.AZ xəbər verir ki, ABŞ-ın "Constellation Energy" şirkəti ilə bağlanan müqavilə ümumilikdə 176 meqavatlıq (MVt) topdansatış elektrik enerjisinin tədarükünü əhatə edir. "Walmart" enerjini və ekoloji statusları 2029 və 2030-cu illərdə başlayacaq iki fərqli 15 illik dövr ərzində satın alacaq. Müqavilə çərçivəsində, İllinoys ştatındakı mövcud "Dresden" AES-də səmərəlilik və güc artımı (30 MVt əlavə istehsal) üçün texnoloji yenilənmə aparılacaq və yeni reaktor tikintisinə ehtiyac qalmayacaq. Bu təmiz enerji "Walmart"ın İllinoys ştatında inşası davam edən yüksək texnologiyalı yeni paylama mərkəzinin tələbatını ödəyəcək. Bu saziş ABŞ-da böyük pərakəndə şirkəti ilə nüvə obyekti arasında imzalanan ilk belə müqavilədir.