16:15 - 18.06.2026
18 iyun, Fineko/abc.az. Qarabağın azad edilməsindən sonra İslam İnkişaf Bankı Qrupunun Azərbaycanla əməkdaşlığı genişlənib.
ABC.AZ xəbər verir ki, bunu İslam İnkişaf Bankı Qrupunun Prezidenti Məhəmməd Süleyman Əl-Casir Bakıda keçirilən IsDB Qrupunun illik toplantıları çərçivəsində təşkil olunan tədbirdə Azərbaycanla qrup arasındakı əməkdaşlıqdan danışarkən deyib.
O bildirib ki, İslam İnkişaf Bankı ilə Azərbaycan arasında əməkdaşlıq uzun illərdir davam edir və bu müddət ərzində müxtəlif layihələr həyata keçirilib.
“Əlaqələrimiz başladığı vaxtdan indiyədək Azərbaycanda 1,3 milyard ABŞ dollarından çox layihəmiz olub. Hazırda isə bu tempi daha da sürətləndiririk, xüsusilə Qarabağın azad edilməsindən sonra əməkdaşlığımız genişlənir”, – Məhəmməd Süleyman Əl-Casir bildirib.
IsDB Qrupunun sədri qeyd edib ki, Qarabağda gedən bərpa və yenidənqurma işlərini yerində görmək üçün bölgəyə iki dəfə səfər edib.
“Baş verən inkişaf olduqca təsiredicidir. İlk maliyyələşdirdiyimiz layihələrdən biri su və irriqasiya sistemi ilə bağlı idi. Hazırda isə 430 milyon ABŞ dollarından çox böyük bir layihə üzərində çalışırıq. Bu layihə kanalların bərpasını və su itkisinin qarşısının alınmasını nəzərdə tutur”, – o vurğulayıb.
Məhəmməd Süleyman Əl-Casir əlavə edib ki, bank Azərbaycan üçün digər mühüm infrastruktur sahələrində də layihələri nəzərdən keçirir.
“Biz avtomobil yolları, nəqliyyat infrastrukturu və hətta dəmir yolları da daxil olmaqla digər sahələrə baxırıq. Hökumətin yaxın gələcəkdə həyata keçirməyi planlaşdırdığı transformasiya xarakterli layihələri dəstəkləməyə hazırıq”, – IsDB rəhbəri bildirib.
O qeyd edib ki, İslam İnkişaf Bankı Azərbaycan Prezidenti və hökuməti üçün etibarlı tərəfdaş olmaqdan qürur duyur.
“Biz bu layihələrin həyata keçirilməsinə əlavə dəyər və təcrübə gətirə biləcəyimizə inanırıq”, – Məhəmməd Süleyman Əl-Casir bildirib. ©APA
18 İyun 2026
18 İyun 2026
16 İyun 2026