Türkiyədən saxta elanlara qarşı sərt addım: "Meta" 145 000 dollar cərimələndi

20:04 - 13.06.2026


13 iyun, Fineko/abc.az. Türkiyə Ticaret Nazirliyi vətəndaşların müxtəlif onlayn fırıldaqçılıq halları və beh dələduzluğu ilə qarşılaşmaması üçün mühüm xəbərdarlıq yayıb və qanun pozuntularına görə sərt sanksiyalar tətbiq edib.

ABC.AZ nazirliyin rəsmi bəyanatına istinadən xəbər verir ki, Elektron Elan Təsdiqləmə Sisteminin (EİDS) qaydalarını pozaraq Instagram, Facebook və WhatsApp-da şəxsiyyəti təsdiqlənməmiş saxta əmlak və avtomobil elanlarının yerləşdirilməsinə icazə verdiyi üçün bu platformaların sahibi olan "Meta Platforms" şirkətinə 5 milyon türk lirəsi (təxminən 145 000 ABŞ dolları) həcmində inzibati pul cəriməsi kəsilib.

Nazirlik bəyan edib ki, qiymət spekulyasiyasının və istehlakçı mağduriyyətinin qarşısını almaq üçün rəqəmsal elanlar ciddi şəkildə izlənilir. Daşınmaz əmlak agentlikləri və avtomobil salonları (qalereyalar) inzibati sanksiyalarla üzləşməmək üçün sosial şəbəkələrdə yalnız EİDS tərəfindən təsdiqlənmiş elanların linklərini paylaşmalıdırlar. Vətəndaşlara isə reallıqda mövcud olmayan əmlak və ya nəqliyyat vasitələrini təklif edən qeyri-rəsmi səhifələrin elanlarına etibar etməmək tövsiyə olunur.