Ödəniş kartları ilə bağlı təhlükəsizlik standartları qanunvericiliyə inteqrasiya olunur?

11:27 - 10.06.2026


10 iyun, Fineko/abc.az. Azərbaycanda Ödəniş Kartı Sənayesi Məlumat Təhlükəsizliyi Standartı (PCI DSS) tələblərinin qanunvericiliyə inteqrasiyası vacibdir.

ABC.AZ xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib.

Onun sözlərinə görə, risklərin idarə edilməsi çərçivəsində son dövrlərdə aktiv müzakirə olunan PCI DSS standartları ödəniş kartı məlumatlarının təhlükəsizliyi ilə bağlıdır və bu istiqamətdə hər hansı tələbin tətbiqindən əvvəl ekosistemin hərtərəfli qiymətləndirilməsi vacibdir:

"Mümkün tələblərin ilk növbədə ölkə qanunvericiliyində əks olunması zəruridir. Əks halda, yanaşmalarda fərqlər yarana və bu da ekosistem iştirakçıları üçün əlavə maliyyə yükü formalaşdıra bilər.

Qiymətləndirmə nəticəsində müəyyən oluna bilər ki, ekosistemin bəzi iştirakçıları yalnız bir və ya iki əsas tələbə cavab verməlidirlər. Bu halda həmin tələblər Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə yerli qanunvericiliyə inteqrasiya edilə bilər. Beləliklə, fəaliyyətində yüksək risk daşımayan maliyyə institutları yerli normativ tələblər əsasında informasiya təhlükəsizliyini təmin edə bilərlər. Digər tərəfdən, qiymətləndirmə nəticələri zəruri hesab edərsə, daha yüksək risk daşıyan maliyyə institutları PCI DSS sertifikatlaşdırılması və ya onun tələblərinə uyğunluq istiqamətində addımlar ata bilərlər".

Müəllif: Elmir Muradov