İslam bankçılığının Azərbaycanda ən uyğun tətbiqi "pəncərə" modelidir - "Bank Center Credit"in rəhbəri

10:59 - 10.06.2026


10 iyun, Fineko/abc.az. İslam bankçılığının Azərbaycanda tətbiqi üçün ən uyğun yanaşma "pəncərə" modelidir.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində Qazaxıstanın "Bank Center Credit" Əmanətlər Mərkəzinin rəhbəri Cavid İsayev bildirib.

Onun sözlərinə görə, Qazaxıstanda İslam bankçılığının reallaşdırılması üçün 4 əsas variant mövcuddur:

"Onlardan bəziləri Azərbaycan bazarı üçün uyğundur. Məsələn, "fatva" (şəriət uyğunlaşdırılması) yanaşmasında ənənəvi bank mövcud məhsulunu götürür, ona müəyyən məhdudiyyətlər tətbiq edir, xarici audit və şəriət uyğunluğu yoxlamasından keçirir və nəticədə həmin məhsulu İslam prinsiplərinə uyğunlaşdırılmış maliyyə alətinə çevirir. Biz iki il əvvəl ilkin olaraq məhz bu modeli seçmişdik. Lakin daha sonra yanaşmamıza yenidən baxdıq. Çünki yanvar ayında yeni qanun qəbul olundu, mart ayında qüvvəyə mindi. Hazırda biz "pəncərə" formatında İslam bank lisenziyası almağa hazırlaşırıq. Digər variantlar Astana Beynəlxalq Maliyyə Mərkəzi (AIFC) çərçivəsində tamhüquqlu İslam maliyyə lisenziyası əldə etmək və birbaşa tam İslam bankı kimi fəaliyyət göstərməkdir. Hər iki model daha yüksək xərclər və institusional hazırlıq tələb etdiyindən, praktiki baxımdan daha çətin görünür".

"İslam maliyyəsi istiqamətində biz bazara ilkin olaraq investisiya məhsulları ilə daxil olduq. Maraqlı məqam - apardığımız araşdırmalar göstərdi ki, müsəlman bazarında əsas ehtiyac klassik bank kartları və ya BNPL (indi al, sonra ödə) kimi məhsullara deyil. Əsas tələb "pulumu harada saxlayım?" sualına cavab verən baza maliyyə həllidir. Məhz bu səbəbdən biz Qazaxıstanda "Vardat əl-Həyat" ("Həyat çiçəyi") adlı ilk İslam investisiya fondunu yaratdıq. Bu layihə bazarda real tələbatın olduğunu göstərdi və bundan sonra biz məhsulun daha da inkişaf etdirilməsi və genişləndirilməsi istiqamətində işlərə başladıq", - deyə o qeyd edib.