Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək

19:56 - 2.06.2026


2 iyun, Fineko/abc.az. Bu il Bakı şəhəri ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək.

ABC.AZ  xəbər verir ki, bu barədə məlumat Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasında elan edilib.

İlk İqtisadi Dialoq çərçivəsində regional bağlantılar, ticarət və tranzit, enerji təhlükəsizliyi, investisiyalar, süni intellekt və rəqəmsal infrastruktur mövzularına həsr olunmuş panel sessiyalar təşkil olunub.

İclasda müzakirə edilən əsas istiqamətlər:

  • Regional layihələr və logistika: Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP), Orta Dəhliz və regional logistika imkanlarının genişləndirilməsi diqqət mərkəzində olub. Həmçinin Azərbaycanın əlverişli biznes mühitinin ABŞ şirkətləri üçün yaratdığı yeni imkanlar müzakirə edilib.

  • Süni intellekt və rəqəmsal infrastruktur: ABŞ-nin yüksək texnoloji həlləri barədə məlumat verilib. Data mərkəzləri, süni intellekt texnologiyalarının tətbiqi, tənzimləyici çərçivələrin inkişafı və bu sahədə gələcək tərəfdaşlıq nəzərdən keçirilib.

Tədbir çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Orrun iştirakı ilə Azərbaycanda rəqəmsal infrastrukturun yaradılması, texnologiya transferi və səmərəli sənaye həllərinin tətbiqi sahələrində bir sıra sənədlər və Dialoqun Protokolu imzalanıb. Həmçinin biznes dairələri ilə görüş keçirilərək özəl sektor arasında əməkdaşlığın inkişafı qeyd olunub.