2027-2030-cu illəri əhatə edən yeni iqtisadi strategiya üçün hazırlıqlar başlayıb - Samir Şərifov

14:09 - 22.09.2025


22 sentyabr, Fineko/abc.az. Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub.

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Samir Şərifov bildirib.

"Ölkədə 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası icra olunur və artıq növbəti dördillik dövrü – 2027-2030-cu illəri əhatə edən yeni strategiya üçün hazırlıqlar başlayıb. Strategiyanın ən vacib istiqamətlərindən biri ölkənin iqtisadi artımının təmin edilməsidir. Hər hansı iqtisadi artım isə investisiyasız mümkün deyil. İnvestisiyalar həm dövlətin maliyyələşdirdiyi, həm də özəl sektordan gələn olmalıdır. Məqsəd Azərbaycanın son 30 ildə qoyduğu dövlət investisiyalarını daha çox özəl investisiyalarla tamamlayaraq iqtisadi inkişafı sürətləndirməkdir", - deyə o qeyd edib.

Baş nazirin müavini bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə böyükmiqyaslı islahatlar aparılıb, lazımi infrastruktur yaradılıb: "İnfrastruktur deyəndə həm fiziki, həm də sosial infrastruktur nəzərdə tutulur. Yol, su təchizatı, enerji təminatı və etibarlı sanitariya sistemləri olmadan özəl investorları cəlb etmək mümkün deyil. İnvestisiyalar üçün siyasi sabitlik və proqnozlaşdırıla bilən mühit də vacibdir. Azərbaycan bunu təmin edib. Yeganə qeyri-sabitlik mənbəyi olan ərazilərin işğalı artıq keçmişdə qaldı. Azərbaycan öz ərazilərini azad edərək suverenliyini bərpa edib". © Report