16:11 - 17.09.2025
17 sentyabr, Fineko/abc.az. Gələn il yanvarın 1-dən etibarən Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddəti başa çatacaq. Hələlik müddətin uzadılıb-uzadılmayacağı barədə rəsmi açıqlama verilməyib.
ABC.AZ xəbər verir ki, güzəştlərə əsasən, yalnız hazırda özəl sektorda 8000 manatdan yuxarı olan maaşdan 14% vergi tutulur. Güzəştlər ləğv edilərsə, maaşın 2500 manatadək hissəsindən 14%, ondan çox olan hissəsindən isə 25% vergi tutulacaq.
İqtisadçı ekspert Xalid Kərimli məsələ ilə bağlı belə acıqlama verib: “2019-cu ilin yanvar ayından tətbiq edilən bu güzəştin əsas məqsədi cəmiyyətdə işəgötürənlərin və işçilərin əməkhaqlarının rəsmiləşdirilməsinə, habelə vergilərin ödənilməsinə marağın artırılmasına nail olmaq idi.
Bu güzəştin müddəti 7 il müəyyən edilmişdi. Hazırkı proqnozlar isə onu göstərir ki, dövlət bu müddəti uzatmağı planlaşdırmır, məhz bu səbəbdən də artıq vergi yığımlarının artacağı gözlənilir. Bu isə onu deməyə əsas verir ki, həm şirkətlərin, həm də vətəndaşların üzərinə düşən vergi yükü əvvəlki səviyyəyə qayıdacaq və ya artacaq.
Yeni qaydalara əsasən, vətəndaşlar artıq 14% gəlir vergisi ödəyəcək, pensiya fonduna ödəniş 10%-dən 3%-ə endiriləcək, 2.5% icbari tibbi sığorta və 0.5% işsizlik sığortası saxlanılacaq”. (© Modern.az)