Azərbaycan Bolqarıstandakı “Lukoyl” neft emalı zavodunu almaq istəyir

11:36 - 20.08.2025


20 avqust, Fineko/abc.az. SOCAR Türkiyənin Cengiz Holding şirkəti ilə birgə Burqasdakı “Lukoyl” neft emalı zavodu almaq istəyir.

Eyni zamanda, Qazaxıstanın "Kazmunayqaz" dövlət şirkəti də aktivlə maraqlanır və bunun üçün 1 milyard dollar ödəməyə hazırdır. 

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, Vitol, eləcə də Türkiyənin Oyak Pensiya fondu və Macarıstan MOL şirkəti də zavodu almaq niyyətindədir. Lakin, məlumata görə, SOCAR-Cengiz bu yarışda favoritdir. Bu zavodun alınması ilə SOCAR 2022–ci ilin yazından qeyri-işlək vəziyyətində olan Bakı-Supsa neft kəmərini işə sala biləcək.

Məlumata görə, Bolqarıstan artıq 2022-ci ildən “Lukoil” biznesini öz ərazisindən planlı şəkildə "sıxışdırır". Burqasdakı zavod bir ildən çoxdur ki, Sofiyanın qərarı ilə Rusiya neftini ala bilmir, baxmayaraq ki, AB bu müəssisəyə Rusiya Federasiyasından dəniz xammalı almağa imkan verən istisna vermişdi.
Burqas Neft Emalı Zavodu Bolqarıstanın ən iri neft emalı aktividir. Ölkə üçün strateji əhəmiyyətə malikdir.