Qiymətli kağızlar bazarı sahəsində qanun layihəsi hazırlanmaqdadır

10:47 - 27.02.2025


27 fevral, Fineko/abc.az. Azərbaycanda qiymətli kağızlar bazarı sahəsində yeni qanun layihəsi hazırlanmaqdadır.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Fond Bazarı İştirakçılaırının Assosiasiyasının (AFBİA) icraçı direktoru Murad Yəhyayev jurnalistlərlə görüşdə deyib.

O qeyd edib ki, qiymətli kağızlar bazarı haqqında qanun 2015-ci ildə qəbul edilib.

"Bu günə qədər müəyyən dəyişikliklər və əlavələr olub. Buna baxmayaraq, bazarın və müasir dövrün tələblərinə nə dərəcədə cavab verir, hazırda bunun diaqnostikası aparılır. Hazırda Azərbaycan Mərkəzi Bankı bu işlə məşğuldur. AFBİA da sırf praktiki olaraq bazarda yaşanan çətinliklər barədə müzakirələr aparır", - deyə Murad Yəhyayev bildirib.

AFBİA rəhbəri bildirib ki, qanunun yenilənməsi qısa zamanın işi deyil.

"Proses uzun çəkir. Ümid edirik ki, maksimum 1-1,5 ilə proses yekunlaşacaq. Təkmil həm bazarın inkişafına töhfə verəcək, həm də investorların hüquqlarının müdafiəsi və digər istiqamətlərdə bizneslərin bu sahəyə marağının artırılmasına səbəb olacaq qanunvericilik hazırlanacaq”, - deyə Murad Yəhyayev əlavə edib.

Müəllif: Elmir Murad