17:27 - 21.02.2025
21 fevral, Fineko/abc.az. “Bakı Gəmiqayırma Zavodu” MMC (“Baku Shipyard) xaricdən sifarişləri qəbul etməyə hazırdır.
Şirkətdən ABC.AZ-a verilən məlumata görə, hazırda bu məqsədlə Qazaxıstanla danışıqlar aparılır.
Əgər danışıqlar uğurla başa çatarsa, şirkət bu bazar üçün də gəmilərin istehsalına başlaya biləcək.
Mənbənin sözlərinə görə, hazırda Zavod Xəzər dənizində dibdərinləşdirmə əməliyyatları üçün dörd tanker, bir bərə və bir torpaqqazan inşa edir.
“Torpaqqazanın inşasının tamamlanması bu ilin may-iyun aylarına, birinci tankerin tamamlanması 2025-ci ilin sonuna, bərənin tamamlanması 2026-cı ilin fevral-mart aylarına, qalan tankerlərin tamamlanması isə 2026-cı ilin sonuna planlaşdırılır. Bundan əlavə, dörd dalğıc gəmisi layihələndirmə mərhələsindədir”, – mənbə qeyd edib.