Yaxın günlərdə AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat dərc olunacaq

11:39 - 4.02.2025


4 fevral, Fineko/abc.az. Qazaxıstan Nəqliyyat Nazirliyi yaxın günlərdə Aktau Hava Limanı yaxınlığında Azerbaijan Airlines (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin hesabat dərc etməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə mətbuat konfransında Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib.

“İşlər son mərhələdədir, yaxın günlərdə ilkin hesabatın rəsmi olaraq veb saytımızda yayımlanacağını gözləyirik. Mütəxəssislərin işlərini başa çatdırmaq üçün vaxt lazımdır, bu çox incə, əziyyətli bir işdir”, — deyə o bildirib.

O qeyd edib ki, işlərdə Qazaxıstan, Braziliya, Rusiya və Azərbaycanın mütəxəssisləri iştirak edir.

"Mütəxəssislər çox çalışırlar. Azərbaycan Respublikasından, Rusiya Federasiyasından, Braziliyadan [Embraer 190 təyyarəsi] istehsal edən ölkə kimi, CENIPA (Braziliya Aviasiya qəzalarının araşdırılması və qarşısının alınması mərkəzi) və ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) kimi beynəlxalq mütəxəssislər cəlb olunub. Hamısının işi son mərhələdədir", — qurum rəhbəri vurğulayıb.