10:41 - 26.12.2024
26 dekabr, Fineko/abc.az. Braziliyanın “Embraer” təyyarə istehsalı konsorsiumu Aktaudakı təyyarə qəzası ilə bağlı rəsmi açıqlama verib.
ABC.AZ xəbər verir ki, şirkət təyyarənin göyərtəsində uçuşlara mane olacaq heç bir qüsur aşkar edilmədiyini, hətta bunu “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyinin də təsdiqlədiyini bəyan edib:
“Həlak olanların ailələrinə, dostlarına, həmkarlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Biz bütün prosesləri yaxından izləyirik və müvafiq orqanlara tam dəstək verməyə hazırıq”.
AZAL-ın məlumatında isə deyilir ki, hava gəmisinin ümumi eniş sayı 9949, ümumi uçuş müddəti isə 15257,22 saat təşkil edir.
Təyyarənin son tam texniki yoxlanışı 2024-cü il oktyabrın 18-də aparılıb. Son yoxlamadan sonra 671 uçuş saatı keçib.
Xatırladaq ki, ötən gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Hadisə nəticəsində 38 nəfər həlak olub. 29 nəfər, o cümlədən iki uşaq xəsarət alıb.