Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

16:36 - 24.12.2024


24 dekabr, Fineko/abc.az. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

ABC.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdıraraq, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Rəcəb Tayyib Ərdoğan ölkəmizin inkişaf etməkdə olan səkkiz dövlətin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) üzvü seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib.

Prezident İlham Əliyev öz növbəsində bu məsələdə Türkiyənin Azərbaycana göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirib.