14:38 - 28.11.2024
28 noyabr, Fineko/abc.az. "Ortamüddətli dövrdə strateji hədəflərimiz iki istiqamətdədir. İkinci istiqamət məhz “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına xidmət etməlidir. Biznes nümayəndələri ilə keçirdiyimiz görüşlərdə harada “kölgə iqtisadiyyatı”nın daha çox formalaşması, hansı əməliyyatların aradan qaldırılması və sağlam rəqabətin yaranmasına imkan verə biləcəyi ilə bağlı proseslər mütəmadi olaraq müzakirə edilir".
ABC.AZ xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Milli Məclisdə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər paketini şərh edərkən deyib.
O qeyd edib ki, Vergi Məcəlləsinə dəyişikliklər layihəsində bazarlara nəzarət məsələsi ilə bağlı yeni müddəalar yer alır:
"Bildiyiniz kimi, bazarlar elə bir əmlak kompleksidir ki, orada kütləvi sayda sahibkarlar müxtəlif sahələr üzrə fəaliyyət göstərirlər. Bu cür əmlak komplekslərinə münasibətdə vergi münasibətlərinin iştirakçısı kimi həm bazarlar, həm sahibkarlar, həm dövlət qurumlarının qatıldığı xüsusi bir format nəzərdə tutulur. Bu ondan ibarətdir ki, bazar mülkiyyətçiləri, operatorları həmin məkanda qanunsuz işləyən, uçotsuz sahibkarlara şərait yaratmamalıdırlar. Orada fəaliyyət göstərən bütün sahibkarlar vergi orqanında uçotda olmalıdırlar. Təsərrüfat obyektləri vergi orqanında uçota alınmalıdır. Bundan sonra onların fəaliyyətinə şərait yaradılmalı, icazə verilməlidir. Artıq bu format həyata keçirilərsə, bu əmlak kompleksi tam leqal, yəni qanunauyğun şəkildə uçota alınmış sahibkarların fəaliyyətini təmin etmiş olacaq".
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026