Əbülfəs Qarayev Qax rayonunda mədəniyyət müəssisələri və tarixi tikililərin vəziyyəti ilə tanış olub

11:26 - 31.08.2018


31 avqust, Fineko/abc.az. Avqustun 31-də mədəniyyət naziri Əbülfəs Qarayev Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə birgə rayondakı bəzi mədəniyyət müəssisələri və tarixi tikililərin vəziyyəti ilə tanış oldu.

Nazir və icra başçısı ilk olaraq Qax şəhər məscidinə gəldilər. XIX əsrdə inşa olunmuş məscid binasında bir neçə il öncə bərpa işləri həyata keçirilib. Bina formaca dördbucaqlıdır. Dam örtüyü qırmızı kirəmitlə işlənib. Minarəsi dəyirmi formada olub, bişmiş kərpicdən inşa edilib. Hündürlüyü 16 metrdir.

Əbülfəs Qarayev və rayon rəhbəri daha sonra Bayraq muzeyinə baş çəkdilər. Burada məlumat verildi ki, muzeyin yerləşdiyi kompleksin ərazisi üç hektardır. Geniş yaşıllaşdırma işlərinin görüldüyü kompleksdə müasir işıqlandırma sistemi quraşdırılıb. Bayraq meydanının ərazisində ümumi sahəsi 730 kvadratmetr olan muzey binası inşa edilib. Muzeydə milli bayrağımızın təbliği ilə bağlı eksponatlar və dövlət atributları sərgilənir. Ekspozisiya zalında tarixi Azərbaycan dövlətlərinin bayraqlarına və digər atributlara geniş yer verilib. Bu eksponatlar Azərbaycan dövlətçiliyinin keçdiyi tarixi yolu əks etdirməklə yanaşı, həm də gənc nəsil üçün xüsusi əhəmiyyətə malikdir.

Nazir muzeyin fəaliyyətinin daha da gücləndirilməsi üçün tapşırıq və tövsiyələrini verdi.