Azərbaycanda avtomobil icarəsi ilə bağlı portal yaradılacaq

12:01 - 24.09.2024


24 sentyabr, Fineko/abc.az. Azərbaycanda avtomobil icarəsi əməliyyatlarının rəqəmsallaşdırılmasını nəzərdə tutan portalın yaradılması məsələləri müzakirə edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) məlumatında bildirilir.

Məlumata görə, qurumun rəhbərlik etdiyi “Avtomobil icarəsi şirkətlərinin fəaliyyətinin tənzimlənməsi və stimullaşdırılması üzrə” Tematik qrupun növbəti iclası keçirilib.

Bu qrup Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dövlət Turizm Agentliyinin rəhbərlik etdiyi “Turizmin inkişafı” İşçi qrupunun tərkibində yaradılıb.

Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev, “Turizmin inkişafı” İşçi qrupun rəhbəri, Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov və Tematik qrupun rəhbəri, RİNN-nin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev, aidiyyəti dövlət qurumlarının, həmçinin özəl sektor nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilən iclasda avtomobil icarəsi sahəsinin təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinin şəffaflaşdırılması və səmərəliliyinin artırılması, əlverişli biznes mühitinin yaradılması üzrə müzakirələr aparılıb.