Gürcüstan Azərbaycan və Ermənistan sərhədlərinə sürətli yol çəkəcək – Tarix

12:18 - 22.08.2024


22 avqust, Fineko/abc.az. Gürcüstan Azərbaycan və Ermənistan sərhədlərinə sürətli yol çəkəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Yollar Departamentindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Şərq-Qərb avtomobil yolunun tərkibinə daxil olan yolların tikintisi üçün tender elan edilib.

Qeyd edək ki, söhbət Rustavi-Qırmızı körpü və Algeti-Sadahlo yollarından gedir. 61,3 km uzunluğunda dörd zolaqlı avtomobil yolunun inşasına 2025-ci ildə başlanacaq və işlərin başlanmasından 30 ay sonra mərhələlərlə tamamlanacaq.

Tikinti 250 milyon avroya başa gələcək və Avropa İnvestisiya Bankı tərəfindən maliyyələşdiriləcək.