Nazir: Azərbaycan və Özbəkistanın üçüncü ölkələrdə birgə fəaliyyətini genişləndirmək imkanları var

11:23 - 22.08.2024


22 avqust, Fineko/abc.az. Azərbaycan və Özbəkistan iqtisadiyyatları dinamik inkişaf edir. Azərbaycan sahibkarlarının Özbəkistan ərazisində fəaliyyətə marağının qat-qat artması müşahidə olunur. Sevindirici haldır ki, bunu həmçinin qarşı tərəfdən də görürük.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənd şəhərində Özbəkistan-Azərbaycan biznes-forumunda çıxışı zamanı deyib.

Artıq ölkələr arasında birgə investisiya alətinin (Azərbaycan-Özbəkistan investisiya şirkəti) fəaliyyət göstərdiyini deyən nazir, onun gələcək səmərəli fəaliyyətinə ümidvar olduğunu bildirib.

Mikayıl Cabbarov təkcə Azərbaycan və Özbəkistanda deyil, üçüncü ölkələrdə də sahibkarlar arasında birgə fəaliyyətin genişləndirilməsi imkanlarını vurğulayıb. Nazir xatırladıb ki, bir həftə əvvəl Azərbaycan və Özbəkistanın ixtisaslaşmış nazirlik və şirkətlərinin nümayəndələrinin Əfqanıstana birgə səfəri birgə fəaliyyət üçün potensial və perspektivli istiqamətdir. O əlavə edib ki, bu, iki ölkənin uğurla fəaliyyət göstərə və planlarını həyata keçirə biləcəyi yeganə yurisdiksiya deyil.