Bakıda bu yol sürücülərin istifadəsinə verildi - VİDEO

16:30 - 31.05.2024


31 may, Fineko/abc.az. Bakının 8 noyabr prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində aparılan təmir işləri artıq yekunlaşıb.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında bildirilir.

Məlumata görə, sözügedən hissə üzrə prospekt boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün mövcud piyada səkiləri bərpa olunub, kənarlarına yeni səki daşları düzülüb, köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib.

Son mərhələ üzrə prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də icra olunub.

Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilərək aidiyyəti qurumların iştirakı ilə razılaşdırılmış layihə əsasında hərəkət zolaqlarının sayı eyni saxlanılmaqla avtobus zolağı təşkil edilib, ayrılmış velosiped yolu salınıb, velosiped yolu “bufer zona” vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılıb, ərazidə işıqlandırma səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülüb.