Mingəçevir Sənaye Parkında istehsal olunan məhsulun 86 faizi ixrac edilib

10:43 - 1.02.2024


1 fevral, Fineko/abc.az. Tekstil sənayesi üzrə ixtisaslaşan Mingəçevir Sənaye Parkındakı iplik istehsalı müəssisələrində bu günədək 272 milyon manatdan çox məhsul istehsal edilib. 

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) bildirilib.

Bildirilib ki, məhsulun 234 milyon manatlıq hissəsi, yəni 86 faizi ixrac olunub.

“Belə ki, əgər 2022-ci ildə Sənaye Parkında 57 milyon manatdan çox məhsul istehsal edilmişdirsə, 2023-cü ildə isə 58 milyon manatdan artıq məhsul istehsal edilib. İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, “Made In Azerbaijan” brendi adı ilə Türkiyə, Ukrayna, Rusiya, Portuqaliya, Polşa, Pakistan və s. ölkələrə satılıb. İstehsal prosesində Almaniya, İsveçrə və Yaponiya və Türkiyə texnologiyalarından istifadə edilir. Müasir texnologiya məhsulun yüksək keyfiyyətdə olmasını təmin edir və ixrac imkanını artırır. İndiyədək Mingəçevir Sənaye Parkına 159 milyon manat investisiya yatırılıb, 500-dən çox daimi iş yeri yaradılıb. Mingəçevir Sənaye Parkında da ölkədə mövcud digər sənaye parklarında olduğu kimi sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb və investorlar üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur”, - deyə məlumatda bildirilir.