Ucuz aviabiletlərin təşkil edilməsi üçün işlər görülür - Rəis müavini

14:32 - 18.01.2024


18 yanvar, Fineko/abc.az. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) biletlərinin baha olması ilə aparılan araşdırma nəticəsində bu sahədə antiinhisar qanunvericiliyinin pozulmadığı müşahidə edilib.

ABC.AZ xəbər verir ki,  bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Rəis müavini qeyd edib ki, şirkətin uçuş həyata keçirdiyi ölkə sayı məhduddur və digər bir çox ölkəyə uçuşları xarici aviaşirkətlər həyata keçirir.

O qeyd edib ki, istehlakçılar üçün ucuz aviabiletlərin təşkil edilməsi istiqamətində bir sıra işlərin görülməsi planlaşdırır.

"Regionlardakı bir sıra hava limanlarını xarici şirkətlərin istifadəsinə vermək və ya əlavə bir aviaşirkətin cəlb edilməsi təklif edilib ki, yerli idarəetmə formalaşdırılmasın. Ümid edirik ki, gələcəkdə buna baxılacaq və daha aşağı qiymətli biletləri vətəndaşlar əldə edəcəklər" - deyə  Cəfər Babayev bildirib.