16:57 - 15.01.2024
15 yanvar, Fineko/abc.az. Son günlər Azərbaycanda qoyun-quzu ətinin bahalaşması müşahidə olunur.
ABC.AZ xəbər verir ki, yaxın günlərə qədər kiloqramı 16-17 manata təklif olunan quzu ətini Bakıda bəzi yerlərdə hətta 20 manata satırlar.
Bəs qiymət artımı nə ilə bağlıdır?
İqtisadçı-ekspert Xaliq Məmmədov deyir ki, hazırda qoyunlarda döl dövrü olduğundan onlar bazara az sayda çıxarılır:
“Son nəticədə tələb təklifi üstələyir və qiymətlərin artmasını stimullaşdırır. Digər səbəb isə odur ki, dünyada, o cümlədən Azərbaycanda yem bahalaşıb. Bu da qoyunçuluğun inkişafına mənfi təsir göstərir və ətin qiymətini artırır. Qoyunların sayının azalmasının qarşısını almaq, bu heyvanın yetişdirilməsində effektiv və dayanıqlı inkişafa nail olmaq üçün yarım intensiv və intensiv üsulların tətbiqinə ehtiyac var. Azərbaycanda qoyunçuluğun inkişafı üçün şərait var. Ölkədə damazlıq qoyunçuluğa xüsusi diqqət yetirilməli, bu sahədə təcili olaraq kooperativlər yaradılmalı, ailə-kəndli təsərrüfatlarının inkişafı xüsusi konsepsiya əsasında genişləndirilməlidir”.