15:57 - 15.12.2023
15 dekabr, Fineko/abc.az. Əsasən tərəvəzçilik rayonu olan Masallıda intensiv sitrus bağları salınır.
ABC.AZ Azərtac-a istinadən xəbər verir ki, rayonun Şərəfə kənd sakini fermer Rafət Abbasov bu il 6 hektar sahədə sitrus bağı salmağa qərar verib.
Bağın salınması əkin qaydalarına və bütün aqrotexniki qaydalara tam riayət olunmaqla aparılır.
“Bu il qərara gəldim ki, dövlətin bizə göstərdiyi dəstəkdən yararlanım. Sitrus bitkilərinə, əsasən də naringi bağlarına verilən subsidiya dəstəyinə görə 6 hektar sahədə bağ salıram, mütəxəssislərdən də məsləhətlər almışıq. Qabaqcadan torpaqdan analiz götürülüb, damcı-suvarma sistemi qurulub, yəni intensiv üsulla əkin aparırıq. Hər hektara 650 ədəd naringi ağacı əkilir. Sahədə, ümumilikdə, 4000-ə yaxın ağac əkilir”, – deyə fermer bildirib.
Tinglərin zərərverici və xəstəliklərə qarşı dayanıqlı olması üçün kök hissəsi xüsusi hazırlanmış dərman məhlulunda isladılaraq əkilir. Bu da bitkinin sağlam inkişafını təmin edir. Əkindən qabaq torpağın aqrokimyəvi analizi aparılıb, qida maddələrinə, elementlərə olan ehtiyacı öyrənilib.
Bağ tam məhsula düşdükdən sonra bir ağac mövsüm ərzində 200-300 kiloqram məhsul verəcək. Məhsul həm daxili, həm də xarici bazar üçün nəzərdə tutulub.
Son illər Masallıda 100 hektara yaxın intensiv sitrus bağı salınıb. Bunun əsas səbəbi dövlətin bu sahəyə dəstəyidir.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026