Azərbaycanın avtomobil bazarında dekabrda yenidən aktivlik başlayıb

16:56 - 12.12.2023


12 dekabr, Fineko/abc.az. Azərbaycanın avtomobil bazarında yay aylarından etibarən durğunluq yaşansa da, dekabrın ilk həftəsində yenidən aktivlik başlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.

O, bazarda son dəfə qiymət artımının avqustda olduğunu bildirib:

“Rəsmi diler və distribütorlar yeni il bayramı ərəfəsində çoxlu endirimlər təklif edir. Bazarda yeni avtomobillərin sayı artıb. Gələn ilin birinci rübündən ölkədə avtomobil qiymətlərinin artacağı proqnozlaşdırılır. Əsasən köhnə avtomobillərin bahalaşacağı gözlənilir. Çünki istehsal tarixi 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalına məhdudiyyətlər qoyulub. Bununla yanaşı qarşıdakı aylarda utilizasiya proqramının başlanacağı, utilizasiya rüsumlarının toplanacağı gözlənilir. Bu amillər köhnə avtomobillərin bahalaşmasına səbəb olacaq. Bu ilin payız fəsli ilə ötən ilin eyni dövrü arasında böyük fərqlər var. Ötən payızda ölkənin avtomobil bazarı daha aktiv idi”.