14:24 - 4.12.2023
4 dekabr, Fineko/abc.az. Bakının Səməd Vurğun küçəsinin Şəmsi Bədəlbəyli və Füzuli küçələri ilə kəsişmələrində ikitərəfli hərəkət təşkil edilib.
ABC.AZ Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, qurum sıxlıq müşahidə edilən küçələrdə nəqliyyat yükünün azaldılması, paytaxt yollarında münaqişəli nöqtələrin minimuma endirilməsi və təhlükəsizlik səviyyəsinin yaxşılaşdırılması istiqamətində işləri davam etdirir. Növbəti infrastruktur layihəsi Səməd Vurğun küçəsinin Füzuli və Şəmsi Bədəlbəyli küçələri ilə kəsişmələrində həyata keçirilib. Bu ərazidə yol hərəkətinin təşkilində dəyişiklik edilib.
Həyata keçirilən işlər çərçivəsində geriyədönmə yerinin ölçülərini dəyişməklə Füzuli küçəsində yalnız sola hərəkətə icazə verən zolaqda düzünə və sola hərəkət təmin edilib, piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə panduslar inşa olunub, ərazidə müvafiq nişanlar quraşdırılıb və nişanlanma xətləri çəkilib.
İnfrastruktur layihəsi nəticəsində Füzuli küçəsinin hərəkəti buraxma qabiliyyətinin 30%-ə qədər artacağı gözlənilir.