11:05 - 29.11.2023
29 noyabr, Fineko/abc.az. Türkiyənin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrə ixracat həcmi bu ilin on ayı ərzində 16,3 faiz artaraq 5,6 milyard dollara yüksəlib.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisindən bildirilib.
Türkiyədən ən çox ixracat 1,8 milyard dollarla Azərbaycana edilib. Ötən il Türkiyənin TDT ölkələrinə ixracat rəqəmi isə 4,8 milyard dollar olub.
Qeyd edilib ki, eyni dövrdə Türkiyədən Qazaxıstana 1,5 milyard, Özbəkistana 1,4 milyard, Qırğızıstana isə 884,7 milyon dollar məbləğində ixrac edilib.
Beləliklə, bu ilin yanvar-oktyabr aylarında Qazaxıstan, Özbəkistan və Qırğızıstana bütün dövrlərin ən yüksək ixracı həyata keçirilib.
Son on ay ərzində Türkiyədən Qazaxıstana 45, Qırğızıstana 25,2, Özbəkistana 7,2, Azərbaycana isə 2,8 faiz ixracat artımı qeydə alınıb.