“Azəri-Çıraq-Günəşli” yataqlar blokunda dərin laylardan qaz hasilatına bu tarixdə başlanacaq

11:51 - 14.11.2023


14 noyabr, Fineko/abc.az. Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda (AÇG) dərin laylardan qaz hasilatına 2024-cü ilin sonunda başlanacağı gözlənilir.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Banker.az özünün mənbəsinə istinadən yayıb.

Mənbənin sözlərinə görə, dərin laylardan qaz hasilatına yataqda artıq mövcud platformadan, orada zəruri modernləşdirmə işləri aparıldıqdan sonra başlanılacağı gözlənilir.

Eyni zamanda, mənbənin sözlərinə görə, dərin qazın işlənməsi ilə bağlı AÇG layihəsi üzrə tərəfdaşlar arasında danışıqlar davam edir. Xüsusilə, əsas müzakirə mövzularından biri də dərin qazın işlənməsinin hansı müqavilə əsasında (köhnə və ya yeni) həyata keçirilməsidir.

Qeyd etmək lazımdır ki, 7 fevral 2023-cü il tarixində AÇG-də istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni qiymətləndirmə quyusunun qazılması başlanılıb, aprel ayında quyu tamamlanıb. Hazırda AÇG-nin dərin qaz laylarının potensialını öyrənmək məqsədilə quyudan əldə olunmuş məlumatın təhlili aparılır.

Buna baxmayaraq, mənbə hasilatın “Çıraq” platformasından həyata keçiriləcəyini nə təsdiq, nə də ki təkzib edib.