“Masdar” şirkəti Azərbaycanda təmiz enerji layihələrini inkişaf etdirəcək - Müqavilə imzalandı

16:12 - 26.10.2023


26 oktyabr, Fineko/abc.az. BƏƏ-nin “Masdar” şirkəti Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanda ümumi gücü 1 giqavat (GW) olan iki günəş layihəsi və bir quru külək layihəsi üçün üç investisiya müqaviləsi imzalayıb. 

ABC.AZ xəbər verir ki, yeni müqavilə Azərbaycanda hər il yarım milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək və 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək 230 meqavat gücündə olan Qaradağ Günəş Elektrik Stansiyasının Prezident tərəfindən rəsmi açılış mərasimindən sonra imzalanıb. 

Qaradağ Günəş Elektrik Stansiyası Mərkəzi Asiya regionunda ən böyük layihədir və Əbu-Dabi İnkişaf Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) tərəfindən birgə maliyyələşdirilib.