15:44 - 23.10.2023
23 oktyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan STAR Neft Emalı Zavodunun illik istehsal gücünü 2024-cü ildə 13 milyon tona çatdırılması planlaşdırılır.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu SOCAR-ın Türkiyədəki Neft emalı və neft-kimyası bölməsinin (Turkey Refining and Petrochemical Business Unit) rəhbəri, “Petkim Petrokimya Holding”in baş direktoru vəzifəsini icra edən Kənan Mirzəyev bildirib.
Onun sözlərinə görə, yarandığı gündən STAR Neft Emalı Zavodu neft emalı zavodunun dizaynında optimallaşdırma imkanlarından istifadə etməklə, aşağı investisiya ilə əhəmiyyətli güc artımına nail olunub: “Neft emalı zavodunun gücü 10 milyon tondan 12 milyon tona çatdırılıb. Nəticədə həm “Petkim”, həm də STAR zavodu üçün mövcud bazar şərtlərinə və gözlənilən qlobal tendensiyalara uyğun olaraq müsbət perspektivimiz var”.
O qeyd edib ki, bu təxminlər qlobal iqtisadi və siyasi dinamikadan asılı olaraq dəyişə bilər: “Bununla belə, mövcud məlumatlara əsaslanaraq deyə bilərik ki, şirkətlərimiz öz göstəricilərini qoruyub saxlayır və böyüməyə davam edir”.