15:20 - 20.10.2023
20 oktyabr, Fineko/abc.az. Bakıda qayda pozuntusuna yol verdiyi üçün barəsində protokol tərtib olunan əksər piyadalar cərimələri ödəməkdən yayınırlar. Bu səbəblə onların barəsində bir sıra məhdudiyyətlər nəzərdə tutulub.
ABC.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Araz Əsgərli bildirib.
Onun sözlərinə görə, qaydaları pozan piyadalara törətdikləri xətalara görə, barələrində protokollar tərtib olunur və bu proses daim diqqətdə saxlanılır:
“Paytaxt ərazisindəki yol-nəqliyyat hadisələrində piyadavurma hallarının risk zonaları üzrə qiymətləndirilərək xidməti məhz piyada təhlükəsizliyinin artırılması məqsədi ilə aparılmaqla yanaşı, nəzarət mexanizimlərinin də sərtləşdirilməsi qaçılmazdır. Bu da onu deməyə əsas verir ki, piyada intizamı istənilən səviyyədə deyil. Nəinki son 1-2 ilin, hətta 10 ilin belə statistikası göstərir ki, yol nəqliyyat hadisələrinin əsas yükü piyadavurma hallarıdır. Hazırda Bakı şəhərində piyadalar tərəfindən edilən 17 mindən artıq qayda pozuntusu qeydə alınıb ki, onların cərimələri isə ödənilməyib. Bu da təbii ki, təsir mexanizmləri ilə bağlı olan məsələlərdir”.