Azərbaycanda neçə Çin şirkəti fəaliyyət göstərir?

16:15 - 18.10.2023


18 oktyabr, Fineko/abc.az. Azərbaycanın 6 neft-qaz kəməri kimi qitələri, dənizləri birləşdirən enerji bağlantıları Çinin meqa layihəsinin milli təşəbbüslərimizlə birləşməsinin real örnəkləridir: “2030-cu ilədək 7 QVt "yaşıl enerji" güclərinin yaradılması və bunun 5 QVt-nın Xəzər-Avropa İttifaqı və Azərbaycan-Türkiyə-Avropa dəhlizləri ilə ixracı, həmçinin elektrik enerjisinin Mərkəzi Asiyadan ölkəmizə, buradan Avropaya ötürülməsi planları “Bir kəmər və bir yol”u "yaşıl" bağlantılarla zənginləşdirəcək.”

“Bir kəmər, bir yol” Avrasiyada geoiqtisadi landşaftın yenidən formalaşmasında artan rolu ilə müdrik bir təşəbbüs olduğunu artıq təsdiqləyib.

ABC.AZ xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Çində keçirilən 3-cü “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində “Bağlantılar” üzrə yüksək səviyyəli tədbirdə çıxışı zamanı bildirib. Tədbirdə bu, təşəbbüsə ilk vaxtlardan fəal şəkildə qoşulan və çoxsaylı nəqliyyat-enerji bağlantıları ilə töhfə verən Azərbaycanın hazırda Prezident İlham Əliyevin liderliyi ilə Çindən Avropaya ən qısa yolu - Orta Dəhlizi gücləndirən böyük bir strateji inkişaf kursu reallaşdırdığı diqqətə çatdırılıb. Bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona, Bakı Ticarət Limanının imkanlarının bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırıldığı, “Rəqəmsal İpək Yolu” layihəsinin həyata keçirildiyi qeyd edilib.

Nazir, həmçinin dövlət başçılarının dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafında rolundan, birgə layihələrdən və əlaqələrin dinamikasından bəhs edilib. Nümunələr kimi ötən il ticarət dövriyyəsinin 21 %, Çindən Azərbaycan üzərindən qərb və əks istiqamətlərdə tranzit daşımalarının həcminin 60 % artması və ölkəmizdə 200-dən çox Çin şirkətinin fəaliyyəti qeyd olunub.