Pirallahı Sənaye Parkında dərman istehsalı zavodu tikiləcək

17:25 - 31.07.2023


31 iyul, Fineko/abc.az. “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Pirallahı Sənaye Parkının ərazisində qabaqcıl texnologiyalara əsaslanan, illik istehsal gücü ilkin mərhələdə 35 milyon qutu təşkil edəcək yeni zavod tikiləcək.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a bildirilib ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında tərəfdaşlıq və birgə iştirak müqaviləsi imzalanıb.

Zavodda 42 ad altında müxtəlif doza və qablaşdırma olmaqla ümumi 100 növ məhsulun istehsalı nəzərdə tutulub. Layihənin ilkin investisiya dəyəri 35 milyon dollar təşkil edir və layihə çərçivəsində 100-dən artıq daimi iş yeri yaradılacaq.

 Perspektivdə dərman vasitələrinin “Made in Azerbaijan” brendi ilə region ölkələrinə də ixracı planlaşdırılır.