İcbari Tibbi Sığorta Agentliyinin 7,9 milyonluq tenderinin qalibi haqqında SENSASİON İDDİALAR

14:39 - 21.06.2023


21 iyun, Fineko/abc.az. “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Publik Hüquqi Şəxsinin cari ilin martın 27-də elan etdiyi “İmtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələrinin satın alınması” tenderinin nəticələri və qalibi açıqlanıb. Bizim.Media xəbər verir ki, ümumi dəyəri 7 milyon 852 min 864 manat olan tenderin qalibi “Zeytun Pharmaceuticals” MMC (VÖEN - 1701688171) elan olunub.

ABC.AZ Pravda.az-a istinadən xəbər verir ki, yaxın vaxtlarda tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin şərtlərinə görə, şirkət Dövlət Agentliyi üçün 500 ədəd adenozin-nikotinamid-sitoxrom preparatı, 7000 ədəd “Alloxor-N 10”, 1000 ədəd aluminium hidroksid+maqnezium hidroksid, 6000 ədəd aminofillin, 10 min 500 ədəd amlodipin, 30 min ədəd ampisillin-natrium, 10 min ədəd  askorbn turşusu, 10 min ədəd difenhidramin hidroxlorid, 12 min ədəd desmopressin, 20 min ədəd enalapril, 14 min ədəd pankreatin 3500 BV və digər 83 adda dərman preparatlarının satın alınmasını həyata keçirəcək.

Əldə etdiyimiz məlumata görə, şirkətin qanuni təmsilçisi olan Bəhruz Şirəliyev “Nurgün Holding”in rəhbəri Nuru Əliyevə yaxınlığı ilə bilinir. Təsadüfi deyil ki, vaxtilə Nuru Əliyevin sponsoru olduğu “Rəvan” futbol klubunun vitse-prezidenti Bəhruz Şirəliyev olub. Şirkətin Azərbaycanda ümumilikdə 500-dən çox aptekə malik olduğu bildirilir.

Qeyd edək ki, təkcə 2021-ci ilin oktyabr ayı ərzində yalnız İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu şirkətə üst-üstə 11 milyon manatdan artıq dəyəri olan tenderlər verib.