Jurnalistlər də güzəştli mənzil ala biləcək - ŞƏRTLƏR

15:13 - 19.06.2023


19 iyun, Fineko/abc.az. Güzəştli ipoteka kreditini almaq və Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların sırası genişləndirilib.

ABC.AZ xəbər verir ki, müvafiq dəyişikliklə, gənc ailə (Gənc ailə - yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyndir) üzvü olan “ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər” və yaşından və ailə vəziyyətindən asılı olmayaraq “ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər” də güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarına əlavə edilib.

Ölkə başçısının bu Fərmanını icra etmək məqsədilə ötən müddət ərzində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparılmış, həmin kateqoriyalara uyğun olan jurnalistlər tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilmişdir. Sənədlərin siyahısı ilə www.mida.gov.az internet səhifəsində yerləşən “Güzəştli mənzili kim ala bilər” bölməsində tanış olmaq mümkündür.