“Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası” qəbul edilib

10:52 - 12.05.2023


12 may, Fineko/abc.az. Mərkəzi Bankı (AMB) “Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası”nı qəbul edib.

Mərkəzi Bankdan ABC.AZ-a bildirilib ki, müasir dünyada rəqəmsallaşma istiqamətində baş verən yeniliklər fonunda ölkəmizin maliyyə bazarlarında həyata keçirilən intensiv rəqəmsallaşma tədbirləri məsafədən təqdim edilən maliyyə xidmətlərinin çeşidinin və əlçatanlığının artırılması ilə yanaşı maliyyə institutlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə müvafiq risklər formalaşdırmaqdadır. Bu baxımdan ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədilə maliyyə bazarlarında kiber dayanıqlığın yüksəldilməsi və informasiya təhlükəsizliyinin gücləndirilməsi, o cümlədən kiber təhdid və risklərə qarşı adekvat nəzarət mexanizmlərinin tətbiqi və risk əsaslı tənzimləmə çərçivəsinin formalaşdırılması və digər bu istiqamətdə məsələlər AMB-nin daim diqqət mərkəzindədir.

Məlum olduğu kimi yerli banklarda informasiya təhlükəsizliyinə dair minimum tələbləri özündə ehtiva edən “Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” ötən il aprelin 1-dən qüvvəyə minib. Bu istiqamətdə aparılan işlərin davamı olaraq, Dünya Bankı Qrupunun üzvü - Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə 2023-2026-cı illər üzrə “Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası” hazırlanaraq təsdiqlənib. Sənədin məqsədi maliyyə sabitliyinin təmin edilməsi məqsədilə artan kibertəhdidlər fonunda ölkənin maliyyə bazarlarında kiber dayanıqlığın gücləndirilməsidir.