İnflyasiya amilləri ilə bağlı yüksək qeyri-müəyyənliklər qalmaqdadır - Mərkəzi Bank

11:43 - 3.05.2023


3 may, Fineko/abc.az. Qlobal və milli iqtisadiyyatda inflyasiya amilləri ilə bağlı yüksək qeyri-müəyyənliklər qalmaqdadır.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqlamasında bildirilir.

Məlumatda qeyd edilib ki, inflyasiyanın faktiki səviyyəsi azalmağa doğru tendensiyaya malikdir.

"İnflyasiyanın əsas struktur komponenti olan ərzaq məhsullarının inflyasiyası 16.8% olmaqla yüksək olaraq qalır. Qeyri-ərzaq malları və xidmətlər üzrə qiymət artımı müvafiq olaraq illik əsasda 11.6% və 10.8% təşkil edir. İstehsalçı qiymətləri və idxal qiymətləri indekslərinin artım templəri ikirəqəmli səviyyədə qalır. Belə ki, mart ayında illik artım kənd təsərrüfatı istehsalçı qiymətləri indeksi üzrə 12.7% olub. Cari ilin fevral ayında illik idxal qiymətlərinin artımı 20.4% təşkil etmişdir. Əhalinin gəlirlərinin artdığı və stimullaşdırıcı fiskal siyasətin davam etdiyi şəraitdə məcmu tələb genişlənməkdədir. 2023-cü ilin 3 ayında əhalinin nominal gəlirləri 15.2% artmışdır. İnflyasiyanın xarici mühiti çox dəyişkən olaraq qalır. Beynəlxalq Valyuta Fondunun aprel proqnozuna görə qlobal inflyasiya 0.4% bəndi artırılaraq 7% səviyyəsində müəyyən edilmişdir", - Mərkəzi Bankdan verilən məlumatda deyilir.