16:26 - 13.04.2023
13 aprel, Fineko/abc.az. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən müəssisəyə 16 milyon manata yaxın sərmayə yatırılıb, 90-a yaxın yeni iş yeri yaradılıb.
İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən Neftçala rayonunda yerləşən “Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatına (əvvəlki S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodu) mediatur təşkil olunub.
ABC.AZ xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbirdə müəssisənin tarixi, istehsal prosesi, quraşdırılan yeni avadanlıqlar və tətbiq olunan texnologiya barədə məlumat verilib.
Bildirilib ki, “S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodu” MMC üzrə elan edilən investisiya müsabiqəsinin qalibi “Azerbaijan Fish Farm” MMC üzərinə bir sıra öhdəliklər götürüb və artıq onların alqı-satqı müqaviləsində müəyyən edilmiş qaydada icrası başa çatdırılıb.
Belə ki, indiyədək müəssisəyə 16 milyon manata yaxın vəsait yatırılıb, 90-dək yeni iş yeri yaradılaraq, ümumilikdə işçilərin sayı 115-ə çatdırılıb. İstehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə ixrac edilir.