14:38 - 12.04.2023
12 aprel, Fineko/abc.az. Prezidenti İlham Əliyev aprelin 12-də Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edib.
ABC.AZ xəbər verir ki, dövlətimizin başçısı beynəlxalq tədbirlər əsnasında Şimali Makedoniyanın Prezidenti və Baş naziri ilə olan təmaslarını məmnuniyyətlə xatırladı.
Qəbula görə təşəkkürünü bildirən Buyar Osmani ATƏT-in fəaliyyətdə olan sədri kimi Şimali Makedoniyanın prioritetləri barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirdi ki, Şimali Makedoniya sədrliyi çərçivəsində “Hər şey insanlar üçün” konsepsiyasını əsas götürüb və sədrlik prosesində də bu əsasda insanlara köklənən siyasətin həyata keçirilməsi istiqamətində çalışıb.
O, ATƏT-in Şimali Makedoniyaya üzv dövlət kimi verdiyi dəstəyini xatırladaraq, hazırda ölkəsinin bu təşkilatın gündəliyində duran məsələlərin həllinə öz töhfəsini verməyə çalışdığını dedi, bu baxımdan Şimali Makedoniyada daxili siyasətdə “Hamı üçün vahid cəmiyyət” konsepsiyasından çıxış etdiyini bildirdi, ölkə daxilində və regionda postmünaqişə şəraitində barışığın təmin olunması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verdi.
Bu xüsusda ölkəsinin əldə etdiyi təcrübənin Cənubi Qafqaz regionu ilə də bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.
3 Avqust 2026
4 Avqust 2026