Rusiyanın aylıq ticarət dövriyyəsində ilk dəfə Çin valyutası dolları üstələyib - Deputat

12:14 - 7.04.2023


7 aprel, Fineko/abc.az.  Rusiya tarixində ilk dəfə olaraq aylıq ticarət dövriyyəsində Çin valyutası dolları üstələyib. 

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov avronun dollara nisbətən kursunun yenidən yüksəlməsindən danışarkən deyib. O bildirib ki, Avrozona və xüsusən də Almaniya iqtisadiyyatı ilə bağlı pozitiv rəqəmlər avronun məzənnəsini möhkəmləndirib:

"Almaniyada iqtisadi artım, məşğulluq və eləcə də inflyasiya ilə bağlı göstəricilər son 12 ayda ən yaxşı hesab olunur. Avrozonada istehsalçı qiymət indeksi (PPİ) də aylıq müqayisədə 0.5 faizədək azalıb. Digər tərəfdən, ABŞ iqtisadiyyatı da rüblük hədəflərə tam nail ola bilmir. FED-in uçot dərəcəsi artımları istehlak bazarındakı qiymətləri optimal həddə saxlamaq üçün hələlik yetərli deyil. Əksinə, kredit bazarında kəskin bahalaşma müşahidə olunur”.

Vüqar Bayramov qeyd edib ki, dolların beynəlxalq ticarətdə payının azaldılması ilə bağlı səylər də güclənməkdədir:

"Çin və Braziliya qarşılıqlı ticarətdə dollardan imtina ilə bağlı danışıqları intensivləşdirərək ABŞ pulunun sövdələşmələrdə payının azaldılması istiqamətdə real addımlar atır. Rusiya tarixində ilk dəfə olaraq aylıq ticarət dövriyyəsində Çin valyutası dolları üstələyib. Mart ayında da bu tendensiya davam edib”.

Müəllif: Elmir Murad