“AzerGold” QSC-nin 2022-ci ildə satış gəlirləri artıb

14:30 - 15.03.2023


15 mart, Fineko/abc.az. 2022-ci ildə “AzerGold” QSC-nin beynəlxalq və daxili bazarlarda qızıl və gümüş satışı həcmlərində müsbət dinamika müşahidə edilib.

ABC.AZ xəbər verir ki, qiymətlilərin ümumi satış göstəriciləri 2022-ci ildə 63.5 min unsiya qızıl və 207.8 min unsiya gümüş olub.

Bu, 2021-ci illə müqayisədə qızılın satış həcmində 3.7 min, yəni 6.1%, gümüşün satış həcmində 74.9 min unsiya, yəni 56.3% artım deməkdir.

Qızıl üzrə qeyd edilən ümumi satış həcmindən 59.9 min unsiya, gümüş üzrə isə 193.5 min unsiyası beynəlxalq bazarlarda realizə edilib. Pərakəndə bazarda satış göstəriciləri 3 min unsiya qızıl, 130 unsiya gümüş təşkil edib. Daxili bazarın tələbatı üzrə 555 unsiya qızılın, 14.2 min unsiya gümüşün satışı icra edilib. Beləliklə, 2017-2022-ci illər üzrə ümumi satış göstəriciləri 348 min unsiya qızıl və 733 min unsiya gümüş təşkil edib.