14:33 - 15.02.2023
15 fevral, Fineko/abc.az. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti olan “AzerBlast” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən Gəncə şəhərində ölkəmizdə ilk dəfə olaraq sənaye əhəmiyyətli partlayıcı maddələr istehsal edəcək zavodun inşasına başlanılıb.
Bu barədə ABC.AZ-a QSC-dən məlumat verilib.
Ümumi sahəsi 5 min 665 kvadratmetr olan istehsal müəssisəsi regionların sosial-iqtisadi inkişafına dair dövlət siyasətinə uyğun olaraq Kəpəz rayonunda, 15 hektar ərazidə inşa edilməkdədir. İllik istehsal gücü 31 000 ton həcmində qiymətləndirilən zavodun inşasının cari ilin sonunadək tamamlanaraq istifadəyə verilməsi nəzərdə tutulub. Növbəti illər üzrə artan tələbata uyğun istehsal həcminin də artırılması, sonrakı mərhələdə isə məhsulların xarici bazarlara çıxarılması ilə ölkəmizin qeyri-neft ixracatına töhfə verilməsi hədəf olaraq müəyyənləşdirilib.
Qeyd edək ki, “AzerBlast” MMC dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında təsis edilərək, 9 mart 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC “AzerGold” QSC-nin sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşmış törəmə cəmiyyətidir. Şirkətin ümumi paylarının 51 faizi “AzerGold” QSC-yə, 49 faizi “DM Servis” MMC-yə məxsusdur.
21 Avqust 2026