Minimum əmək haqqının artımı bu ödənişlərin məbləğini də yüksəldəcək

10:53 - 6.01.2023


6 yanvar, Fineko/abc.az. Xəbər verildiyi kimi, yanvarın 5-də prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda minimum əmək haqqının məbləği 300 manatdan 345 manata qaldırılıb.

ABC.AZ xəbər verir ki, bu dəyişiklik özünü ölkədə ümumi əmək haqqı artımında göstərəcək.

Eyni zamanda minimum əmək haqqının artımı vətəndaşlar və sahibkarlar tərəfindən məcburi ödənişlərin məbləğini də yüksəldəcək.

İlk növbədə minimum əməkhaqqının artmımı sahibkarla yanaşı, VÖEN-lə işləyənlərin xərclərini artıracaq. Belə ki, VÖEN-lə işləyənlərin DSMF ödənişləri 75 manatdan 86,25 manata yüksələcək. Çünki qanunvericiliyə görə, VÖEN-lə işləyənlərin aylıq DSMF xərci minimum əmək haqqının 25%-i qədər nəzərdə tutulub.

Digər tərəfdən, minimum əmək haqqının artımı icbari tibbi sığorta ödənişini də, 12 manatdan 13,80 manata yüksəldəcək. Çünki qanunla icbari sığorta ödənişi ümumilikdə əmək haqqının 4%-ni təşkil edir. Bunun 2%-i işçi, 2 faizi işəgötürən tərəfindən ödənilir. Minimum əmək haqqınını artımı özünü bu ödənişlərdə də göstərəcək.