Bu şəxslər də ipoteka kreditlərindən faydalana bilər – Rasim Abdullayev

16:36 - 12.12.2022


12 dekabr, Fineko/abc.az. “Xarici ölkələrdə işləyən Azərbaycan vətəndaşları ipoteka kreditindən faydalana bilərlər”.

ABC.AZ xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun İpoteka Kreditləri Departamentinin direktoru Rasim Abdullayev deyib.

“Xaricdə çalışan əməkdaşların elektron sistemdə məlumatları olmadığı üçün onlar gəlirlərinə dair müvafiq təsdiqləyici sənədləri kağız daşıyıcılarında təqdim etməlidirlər. Bununla bağlı “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarı var. Əmək müqaviləsi bildirişi, iş yerindən arayış, bank hesablarından çıxarış və ailə üzvlərinin şəxsiyyət vəsiqələri ipoteka krediti üçün müraciət etməyə kifayətdir”, - deyə departament direktoru diqqətə çatdırıb.