Kəlbəcərdə qızıl axtarışına başlanıb - Foto

14:54 - 10.10.2022


10 oktyabr, Fineko/abc.az. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının Kiçik Qafqazın mərkəzi və cənub hissəsində nəcib və əlvan metal perspektivli sahələrdə geoloji-axtarış işlərinin aparılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və “AzerGold” QSC-yə həvalə edilib.

ABC.AZ xəbər verir ki, “AzerGold”un yaydığı məlumatda bildirilir ki, bu ilin iyun ayından etibarən “Tutxun” nəcib metal təzahürləri sahəsində mərhələli axtarışlar aparılır.

Tutxun çayının hövzəsinin mina və partlamamış hərbi sursatlardan təmizlənmiş Başlıbel-Xanlanlı, Oruclu-Ağyataq-Çorman sahələrində yerüstü aktiv axtarış-kəşfiyat işləri də sürətlə davam etdirilir.

Bununla yanaşı, araşdırmalar çərçivəsində Kəlbəcər və Laçın rayonlarını əhatə edən 1624 km2 sahədə Qafqaz regionunda ilk dəfə olaraq innovativ axtarış metodlarından sayılan qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişləri də həyata keçirilməkdədir.