Azərbaycan vətəndaşlığını seçən ermənilər peşman olmayacaqlar – Prezident

12:35 - 7.10.2022


7 oktyabr, Fineko/abc.az. Azərbaycan vətəndaşlığını seçən ermənilər peşman olmayacaqlar.

ABC.AZ-ın məlumatına görə, bunu prezident İlhəm Əliyev, oktyabrın 6-da Praqada, Ermənistanın baş naziri Nikol Paşinyanla növbəti Qarabağ danışıqlarından sonra Azərbaycan mətbuatına verdiyi müsahibədə bildirib.

"Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər", - deyə İ.Əliyev qeyd edib.

Dövlət başçısı bildirib ki, Ermənistanla tezliklə sülh müqaviləsinin bağlanması iki ölkə arasında düşmənçiliyi aradan qaldıra bilər:

"Buna görə də sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Əminəm ki, buna tez nail olmaq mümkündür. Çünki hesab etmirəm ki, bu, hansısa çoxcildlik olmalıdır, bu, beynəlxalq hüquq, beynəlxalq təcrübə çərçivəsində parametrləri müəyyən edən bir neçə maddədən ibarət yetərincə yığcam sənəd olmalıdır. Bununla biz müharibə, düşmənçilik səhifəsini qapadacağıq".