Türkiyədə inflyasiya tempi daha da artıb

11:35 - 5.09.2022


5 sentyabr, Fineko/abc.az. Türkiyədə inflyasiyanın artım tempi avqust ayında da davam edib. Belə ki, avqustda ölkədə illik inflyasiya 80,21%-ə çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə Statistika Xidməti (TUİK) məlumat yayıb. İnflyasiya son 24 ilin ən yüksək səviyyəsinədədir. Aylıq müqayisədə qiymətlərdə artım 1,46% təşkil edib.

Məlumatlar baza inflyasiyanın artımının davam etdiyini göstərir. İllik baza inflyasiya avqust ayında 66,08% təşkil edib.

Avqust ayında əsas xərc qrupları üzrə ən yüksək illik artım 116,87% ilə nəqliyyat qrupunda olub. Məişət malları 92,02%, qida və alkoqolsuz içkilər 90,25% bahalaşıb.