10:32 - 20.04.2022
20 aprel, Fineko/abc.az. Bu ilin I rübündə "AzerGold" QSC 10 592 unsiya qızıl istehsal edib.
ABC.AZ səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən az olsa da, dayanıqlı hasilatın təmin edilməsi məqsədi ilə aparılmış optimizasiya işləri hasilatın həm cari, həm də ötən illin illik planından daha artıq icra edilməsinə, sözügedən sahənin fəaliyyət dövrünün 8 il artırılması isə bölgədə davamlı məşğulluğun təmin olunmasına, yeni iş yerlərinin açılmasına səbəb olacaq.
Xatırladaq ki, Cəmiyyət 2017-ci ildə “Çovdar” yatağında istismar işlərinə başlayarkən mədənin oksidləşmiş filizlərinin iqtisadi cəhətdən səmərəli qızıl həcmi 212 min unsiya miqdarında təsdiqlənib, hasilat işlərinin 2020-ci ildə yekunlaşacağı hesablanıb.
Beynəlxalq məsləhətçi şirkətlərin cəlb edilməsi ilə müasir texnoloji yeniliklərin tətbiqi ilə aparılmış planlı geoloji kəşfiyyat və buruqqazma işləri nəticəsində sözügedən yatağın üst qatlarında yerləşən oksidləşmiş filiz həcmlərinin artırılması, üstəlik yerin daha dərin qatlarındakı tranzit və sulfid filizlərinin emalı satılabiləcək qızıl ehtiyatlarını artırmağa imkan yaradıb.